7 Eylül 2014 Pazar

Qara-Qoyunlu ulusunun oymaqları

Qara-Qoyunlu ulusunun oymaqları





a) Qara-Qoyunlu oymağı:

Qara-Qoyunlu ulusunu ətrafında toplayaraq onun özəyini təşkil edən Qara-Qoyunlu oymağı, Türk etnologiyasında çox dəfə göründüyü kimi, idarəçi bir rol oynamaq surəti ilə qəbiləvi mahiyyətini itirmişdir. 15-ci və 16-cı yüzillərdə Anadolunun müxtəlif yerlərindəki Qara-Qoyunlu və Qaraca-Qoyunlu kimi adlar daşıyan oymaqların, bu oymaq ilə əqrəba olduqlarına dair dəlillərə sahib olmadığımız kimi, Gündoğu Anadolu və Azərbaycanda bəzi qalıqları zamanımızadək gələn tayfalar ilə bu tarixi oymaq arasında daha çox siyasi bir münasibətin varlığına işarə edə bilər.


b) Sə’dlü:

Qara-Qoyunlu oymağı ətrafında toplanaraq eyni addakı eli (ulus) meydana gətirən digər təşəkküllərə gəldikdə, bunların başında Sə’dlü oymağı gəlir. Bu oymaq daşıdığı adı 14-cü yüzildə (hər halda ortalarında və ya ikinci yarısının başlarında) onu idarə etmiş olan Sə’d adında bir boy-bəyindən almış olub, bu bəyin Qara-Qoyunlu ailəsi ilə qohumluğu olduğu anlaşılır. Çünki, İranlı müəlliflər Sə’din uşaqlarının Qara-Qoyunlu hökmdarlarının əmioğluları olduqlarını söyləməkdədirlər. Naxçıvan və Sürməli yörəsi (Osmanlı tarixçilərinin Sürməli çuxuru), Hafiz-i Əbrunun qeyd etdiyi kimi, bu oymağın əski yurdu idi. 15-ci yüzildən etibarən tarixlərdə tez-tez keçən və Səfəvilərin İrəvan və adı keçən məntəqələrdən mütəşəkkil bir uc əyaləti olan Çuxur-i Sə’d (Çuxr-i Sə’d) və ya Sə’d (Saat) Çuxuru bu qəbilənin adı və yurdu ilə ilgili olsa gərəkdir. Qara-Qoyunlu bəylərindən Qara-Məhəmməd və oğlu Qara-Yusif ilə bəylik davası üçün mücadilə edən və Misirli tarixçilər tərəfindən Qara-Məhəmmədin qardaşının oğlu olduğu söylənən, Pir yaxud Qara-Həsənin bu oymağın başı olması mümkündür. Bu xüsusiyyət nə olursa olsun Sə’dlü oymağı haqqında bildirilməsi gərəkli xüsusdur, onun Qara-Qoyunlu ulusunu təşkil edən ən qüvvətli iki qəbilədən biri olması və Qara-Qoyunluların siyasi uğurlarında önəmli bir rol oynamış olmasıdır. Qara-Qoyunlu dövlətinin yıxılmasından sonra bu oymaq da digər təşəkküllər kimi, ilk öncə Ağ-Qoyunluların sonra da Səfəvilərin xidmətində bulunmuş, fəqət əski əhəmiyyətini davam etdirə bilməmişdir.


c) Baharlu:

Qara-Qoyunlu dövlətinin əsl dirəyini təşil edən iki oymaqdan digəri də bu təşəkküldür. Bu oymaq adının, Minorskinin irəli sürdüyü kimi, Həmədan civarındakı Bahar qalasından gəlmiş olması çox mümkündür. Çünki, çox yuxarıda da işarə edildiyi kimi, bu oymağın yurdu Həmədan bölgəsində idi. Hətta Qara-Qoyunlulardan sonra Səfəvilər çağında belə bu bölgə Baharlu oymağının ünlü başçısı Əli Şəkər Bəyin adı ilə anılırdı. Baharlu bəyləri qız verib almaq surəti ilə Qara-Qoyunlu xanədanı ilə qudalıq qurmuşlar və bu dövlətin ən böyük əmirlərindən olmuşdurlar. Münəccim-Başı, Qara-Qoyunlu bəylərinin bilavasitə bu oymaqdan çıxdığını yazırsa da, bu, onun Baharlu ilə Baranlu adlarını bir-birinə qarışdırmasından irəli gəlmiş olsa gərəkdir.
Qara-Qoyunlu dövlətinin yıxılmasından sonra bu oymağın önəmli bir qismi Ağ-Qoyunlulara tabe olmaq istəməyərək Xorasana getmiş və Teymurlulara sığınmışdır. Oymağın o zaman başında bulunan Əli Şəkər Bəy oğlu Pir Əli, qardaşları Bayram və Yar-Əli və bacısından doğulan Cahan-Şahın nəvəsi İbrahim olduğu halda ilk öncə Sultan Mahmudun sonra da Hüseyin Bayqaranın xidmətinə keçmişdir. Uzun Həsən Bəy bu oymağın fəsad çıxarmasından daima qayğı duyduğundan onun özünə təslim edilməsini çoxca dəfələr Hüseyin Bayqaradan istəmiş, fəqət müsbət bir cavab ala bilməmişdir. Gerçəkdən Uzun Həsən Bəyin Baharlulardan əndişə etməkdə nə qədər haqlı olduğu sonralar anlaşılmışdır. Əli Şəkər Bəyin oğulları çox keçmədən ilk öncə Əbu-Səidin Hisar-i Şadman hakimi Şah Mahmud, sonra digər oğlu Əbu-Bəkir Mirzə ilə birləşmişlər və Xorasanda Teymurlu şahzadələri arasındakı çəkişmələrə qarışmışdırlar. Uzun Həsən Bəyin ölümündən faydalanaraq Qara-Qoyunlu dövlətini diriltmək istəyən Baharlu bəyləri Əbu-Bəkir Mirzə ilə birlikdə hicri 884-cü (1479) ildə Sistan və Bəm yolu ilə Ağ-Qoyunlulara tabe olan Kirmanı istila etmişdirlər. Yanlarında yegənləri olan Cahan-Şahın nəvəsi və Məhəmmədi Mirzənin oğlu İbrahim də vardı. Bunlar Kirmanı asanca ələ keçirdikdən sonra Farsı da almaq istəmişlərsə də Ağ-Qoyunlu hökmdarı Sultan Yaqub tərəfindən üzərlərinə göndərilən ünlü Mosullu Sufi Xəlil Bəyə müqavimət edə bilməyərək Cürcana getmişdirlər. Fəqət orada Hüseyin Bayqara bir basqınla onları ələ keçirmişdir. Hüseyin Bayqara Pir Əli Bəyin gözlərinə mil çəkdirmiş, qardaşı Bayramı da Əbu-Səidin oğlu Əbu-Bəkir Mirzə ilə bərabər öldürtmüş və Cahan-Şahın nəvəsini də həbsə atdırmışdır.
Bu olaydan sonra Baharlu oymağı, yenə Xorasanda qalmış və bir qismi Baburun Hindistan səfərinə qatılmışdır. Əkbərin sevimli xan-xananı ünlü Bayram Xan, Əli Şəkər Bəyin nəvələrindən olduğu kimi, 16-cı yüzildə Dekanda Qütbşahilər dövlətini quran Sultan Qulu da Baharlu oymağından idi. Hətta Qütbşahi xanədanı tərəfindən yazdırılmış olan xüsusi tarixlərdə Qara-Qoyunlu oymağına da yer verilmiş olduğu qaynaqlar bəhsində görünmüşdü. Baharlu oymağının Hindistana getməyərək İranda qalan qismi Ağ-Qoyunlu və sonra da Səfəvi xidmətində bulunaraq qəbiləvi varlığını uzun bir sürə qorumuşdur.


d) Duharlu:

Bu oymaq əskidən bəri Ərzurum-Bayburd yörəsində yaşayırdı. Əbu-Bəkr-i Tehraninin bir qeydindən, bu oymağın başçılarından Yusif Bəyin Trabzon İmperatoru ilə etdiyi bir savaşda şəhid düşdüyünü və Ağ-Qoyunlu əmiri Tur Əli Bəyin Trabzon ölkəsinə yürüyərək Yusif Bəyin intiqamını aldığını öyrənirik. Bu hadisə 14-cü yüzilin birinci yarısının sonlarında baş vermiş olsa gərəkdir.
Qara-Yusif və İsgəndər Bəy çağlarında Duharlu oymağının başında Pir Əhməd Bəy vardı. Qara-Qoyunlu siyasi fəaliyyətində önəmli bir rol oynayan bu oymaq, özəlliklə Bayburda malik olmuş və sonra Ağ-Qoyunlu xidmətində bulunmuşdur. Bəkir Bəy və Məhəmməd Bəy Duharlu, Ağ-Qoyunlu hökmdarı Sultan Xəlil dövrü bəylərindən olub, Diyarbəkirdə Xəlilə üsyan edərək Təbrizə yürüyən şahzadə Yaquba qatılmışdırlar. Ağ-Qoyunlulardan sonra Duharlu oymağı yenə Ərzurum yörəsində qalmış və bəylərinə Osmanlı dövləti tərəfindən timarlar verilmişdir. Osmanlı əsərlərində bu təşəkkülün adı Tokarlu şəklində yazılmaqdadır.


e) Qaramanlu:

Bu oymağın adını Qara-Yusif ilə çağdaş olan Gəncə və Bərdə hakimi Əmir Qaramandan aldığı anlaşılır. Əmir Qaraman Qara-Yusifin son illərində onun bəylərbəyisi idi. Bəzi əsərlərdə ona sadəcə Qara deyilməkdədir. Əmir Qaraman, Qara-Yusifin ölümündən sonra çox yaşamamış və başında bulunduğu oymaq ilə sahibi olduğu yerləri oğulları idarə etmişdir.
Son Qara-Qoyunlu hökmdarı Həsən Əli, Uzun Həsən Bəy tərəfindən darmadağın edildikdən sonra bu oymağın yanına qaçmışdı.
Qaramanlu oymağı, güman ki, Ağ-Qoyunlulardan etibar görmədiyi üçün Şeyx Cüneyd və oğullarının tərəfdarları arasına qatılmış və Səfəvi dövlətinin qurulmasında rol oynamışdır. Şah İsmayılın bəylərindən Bayram Bəy başda olmaq üzərə Səfəvi çağında bu təşəkküldən bir çox əmirlər çıxmışdır.
Bu gün Quzey Azərbaycanda, özəlliklə Gəncə və Bərdə bölgəsindəki Qaraman və Qaramanlu yer adları, bu oymağa aid xatirələrdir.


f) Alpavut (Alpağut):

Daşıdığı ad, “tək başına düşmana hücum edən” mənasına gələn bu oymaq, Qara-Qoyunlu ulusunun ən önəmli təşəkküllərindən biridir. Qara-Yusif çağında Həmədan bölgəsinin bu oymağın bəylərinin əlində olduğunu görürük, İsgəndər çağında Alpavutların başında Yaqub Bəy vardı ki, sonra Cahan-Şah tərəfinə keçmiş və oğulları da yenə onun zamanında mühüm məmuriyyətlərdə bulunmuşdurlar. Bunlardan biri Cahan-Şahın Bağdad valisi Tavaçı Pir Məhəmməd Bəydir ki, hicri 873-cü (1469) ilin ortalarında vəfat etmişdir.
Alpavut oymağı Qara-Qoyunlulardan sonra Ağ-Qoyunlu ulusuna daxil olmuşdur. Pir Məhəmməd Bəy Alpavut, Uzun Həsən Bəy və oğlu Sultan Xəlilin böyük əmirlərindən biri idi. Hacı Bəy adlı digər bir Alpavut bəyi də Fars valisi Əlvənd Mirzənin məiyyətində bulunmuşdur.
Səfəvilər çağında Alpavut təşəkkülünün Sə’d-Çuxuru və Şirvan dolaylarında yaşadığını görürük.
Alpavutlar, Qaramanlılar kimi, Azərbaycanda, özəlliklə Bərdə ətrafında yerləşmişdirlər.


g) Çəkirlü (Câkirlu):

Bu qəbilənin adı Farsca əsərlərdə Câkirlu, Türkcə əsərlərdə Cəkirlü, Çəkirlü şəklində yazılmaqdadır. Adını Cəlayirli çağı əmirlərindən Əmir Câkirdən aldığı anlaşılır. Əmir Câkir Teymurun İranı fəth etməsi üzərinə onun tabeliyinə keçən əmirlərdən biri idi. Câkir çox keçmədən vəfat etmiş və yerinə oğlu Bistam keçmişdir. Teymur, nəvəsi Ömər Mirzə b. Miranşaha Azərbaycanı həvalə etdiyi zaman Bistam, Çalıq, Tizək kimi Azərbaycan əmirlərini onun məiyyətinə vermişdi. Aşağıda bəhs ediləcəyi üzərə, Qara-Yusif, Teymurun ölümü üzərinə Misirdən Azərbaycana gəlib Əbu-Bəkir Mirzəni yendikdən sonra Bistam Bəy məiyyətində qardaşları Mənsur və Məsum ilə oğlu Əxi Fərəc olduğu halda Qara-Yusifin yanına gəlmiş və onun xidmətinə keçmişdir. Bistam Bəy Qara-Qoyunlu bəyinin Əbu-Bəkirlə etdiyi ikinci savaşda və ondan sonrakı müharibələrdə bulunaraq Qara-Yusifin Azərbaycana qəti olaraq yerləşməsində önəmli xidmətlər göstərmiş və buna mükafat olaraq də əmir ül-üməralıq mövqeyinə nail olmuşdur.
Bistam Bəy ailəsi tərəfindən idarə edilən və atası Câkirə nisbətlə Câkirlu deyilən oymaq əskidən bəri Ərdəbil ətrafında yurd tutmuşdu. Bu təşəkkül Ağ-Qoyunlular çağında da varlığını qorumuşdur. Bu dövrdə Câkirlu oymağının başında Bistamın nəvəsi və Bəyazid Bəyin oğlu Ömər Bəy vardı ki, Otluq-Beli savaşında Osmanlı ordusuna əsir düşmüş, fəqət Fateh tərəfindən sərbəst buraxılmışdır. Ömər Bəy, Sultan Yaqub zamanında da öndə gələn əmirlərdən idi.
Şah İsmayıl hərəkətə keçdiyi ərəfədə Câkirlüların başında Sultan Əli Bəy bulunurdu. Bu oymaq Səfəvilər çağında da varlığını sürdürmüş, fəqət bütün Qara-Qoyunlu təşəkkülləri kimi, ikinci və ya üçüncü dərəcədə bir mövqeyə sahib olmuşdur.
İbn Ərəbşahın sözlərindən Câkirluların Kürd əsilli olduqları anlaşılır.


h) Ayinlü

Bu qəbilənin yaşadığı yerin, bəzi işarələrə görə, Gündoğu Anadoluda olduğu anlaşılırsa da, bu bölgənin harasında bulunduğu bilinə bilmir.
İstər Diyarbəkriyyədə, istərsə də ondan nəqlən Əhsən-ül-təvarixdə oymağın adı Âyinlu şəklində yazılmışdır. Qara-Yusif dövründəki böyük əmirlərdən Bəyazid Bəy, bu oymaqdan idi. Cahan-Şah çağında isə Ayinlü təşəkkülünün başında əmir-i divan Ərəbşahın bulunduğunu bilirik. Ayinlülər da Kürd əsilli idilər.


i) Hacılu:

Adı ancaq Diyarbəkriyyədə keçməkdədir. Ağ-Qoyunlu bəyi Qara-Yülük Osman ilə mücadilə etməkdə olan Ərzincan valisi Pir Ömərə Qara-Yusif tərəfindən yardıma göndərilən əmirlər arasında Əmir İlyas-i Hacılu da vardı. Qara-Yusifin demək olar bütün səfərlərində yanında bulunmuş olan İlyas adlı bir əmir tanıyırıq. Hafiz-i Əbru bir yerdə bu Əmir İlyası Düyər boyuna mənsub bir şəkildə göstərir. Bu İlyas-i Hacılu ilə İlyas-i Düyərin eyni şəxs və Hacılu oymağının Düyərlərin bir qolu olması mümkündür. Çünki, Hacılu qəbiləsi Kərkük-Ərbil tərəflərdə yaşamaqda olduğu kimi, Düyərlərdən bir qolun da eyni bölgədə yurd tutmuş olduqlarını bilirik.


j) Ağacəri:

Ağacərilərin 13-cü yüzildə Maraş bölgəsindəki ormanlarda yaşadıqları məlumdur. Bu Türkmən topluluğundan bir qol, hələ Qara-Məhəmməd çağında Qara-Qoyunlular ilə işbirliyi etmiş və iki təşəkkülün başçıları arasında qohumluq yaradılmışdır. Qara-Məhəmmədin Tatar Xatun adını daşıyan bacısı, Ağacəri başçısına verilmişdir ki, bundan Ağacəri başçısının Həsən Bəy adlı oğlu doğulmuşdu. Ağacərilərdən Hüseyin Bəy isə, İsgəndər Mirzənin ən sadiq əmirlərindən olub, onun Əlincək qalasında qətli üzərinə oğlu Qubadı qalada bulunan digər bəylərlə birlikdə Qara-Qoyunlu hökmdarı elan etmişdi. Yenə ağacərilərdən Əli Bəy, Cahan-Şahın əmirləri arasında görünməkdədir.
Bu gün İranda Kuh-giluyədə yaşayan və sayları iki min evə çatan Ağacərilər, şübhəsiz bu Qara-Qoyunlu Ağacərilərin nəvələridir.


k) Düyər:

Bu Oğuz boyunun da Qara-Qoyunlu dövlətinin siyasi fəaliyyətinə qatılmış olduğunu görürük. Lakin Düyərlər doğrudan doğruya Qara-Qyunlu ulusuna daxil olmayaraq Suriyada ayrı bir təşəkkül halında qalmışdırlar. Düyərlərin Qara-Qoyunlu siyasi fəaliyyətində oynadıqları rollar, bu boya dair olan məqaləmizdə bəhs edilmişdir.


l) Bayramlu:

Adını Xoy şəhərinə sahib olan Bayram Bəydən almışdır. Bayram Bəy, Qara-Qoyunlu hökmdarı Qara-Yusifin əmirlərindən idi. Özündən sonra oğlu Şəhsuvar Bəy, Cahan-Şahın divan-bəyi olmuşdur.
Bu sayılanlardan başqa Azərbaycan, Gündoğu Anadolu və İraq-i Ərəbdəki bəzi şəhər və qalaların hakimləri də özəlliklə Qara-Qoyunlu dövlətinin parlaq çağlarında bu dövlətin əmirləri arasına girmişdirlər. Bunlar, başlıca Urmiya hakimi Cəlaləddin Dizək, aydın, Çalıq, Tanrı-Vermiş, Əli Paşa, İsa Bəy, Əsəd, Busat, Sultan, Qara-Qoç, Dursun, Birsun v.s. idilər. Hafiz-i Əbru yuxarıda adları keçən əmirlərdən Əsəd və Busatın Qara-Yusifin əqrəbasından olduqlarını söyləyir. Bu əmirlərdən əksəriyyəti də Türkmən mənşəli idilər. Lakin bunların başında bulunduqları Türkmən oymaqlarından çoxunun adlarını bilə bilmirik. Burada bu xüsusu da qeyd etmədən keçməyək ki, Qara-Qoyunlu ulusu təşəkkül baxımından Ağ-Qoyunlu ulusuna nəzərən daha sərbəst kimi görünməkdədir. Qara-Qoyunlu ulusunu meydana gətirən oymaqlar arasındakı bağlar, Ağ-Qoyunlulardakı təkin sıx deyildir. Bu sonuncularda imperatorluğun qurulmasından öncə oymaqların çoxu bərabərcə, yəni el halında qışlaq və yaylağa gedərdilər.


m) Qara-Qoyunlu ulusuna tabe Kürd təşəkkülləri:

Qara-Qoyunlu dövlətinə, bəhs edilən Türk oymaqlarından başqa, bir çox Kürd tayfaları da tabe idilər. Bunların başlıcaları Süleymani, Zırki, Mahmudi və b. tayfalarıdır. Bunlardan bəziləri hələ Qara-Məhəmməddən etibarən Qara-Qoyunluların tabeliyində bulunurdular. Qara-Məhəmməd, Gündoğu Anadoludakı dağlarda yaşayan Kürdləri ətrafına toplayaraq onları, Teymurun qüvvələri ilə etdiyi savaşlarda iştirak etdirmişdir.

Qara-Qoyunlular xidmətlərində istifadə etmək üzərə ayrıca Kürd tayfalarından əlli min evlik bir el vücuda gətirmişdirlər ki, buna Qara-Ulus adı verilmişdir. Bu elin daşıdığı qara sifətinin, onun qövmi mənşə və siyasi vəziyyəti ilə əlaqəli olduğunu, yəni bu sifətin tabeliyi ifadə etdiyini böyük ehtimalla düşünməkdəyik. Çünki, Qara-Ulusun bir deyim olaraq məhkum zümrələrə verildiyi, həqir və zəlil mənasında istifadə edildiyi haqqında, başda şəxsən Qara-Ulusa aid məlumatın ilk və ən əski qaynağı olan Diyarbəkriyyədə olmaq üzərə qüvvətli dəlillər vardır. Gerçəkdən də Ziya Gökalp bu dəlillərin bəzilərindən xəbərdar olmadığı halda bu Qara-Ulusun bir tabelik ifadə etdiyini söyləmişdi.
Qara-Ulus, Qara-Qoyunlular çağında İraqda yaşayırdı. Əbu-Bəkr-i Tehraninin sözlərinə görə Cahan-Şah, oğlu Bağdad valisi Pir-Budağı cəzalandırmadan öncə onun əmrinə verilmiş olan Qara-Ulusu Azərbaycana köçürmüşdür. Lakin Qara-Ulusun təşəkküllərindən hamısının Azərbaycana getmədiyi və ya sonradan bir qisminin geri döndüyü anlaşılır. 16-cı və 17-ci yüzillərdə Qara-ulus tayfalarından bir qismi Həmədan yörəsində, bir qismi də eyni yüzillərdə İraq və Güneydoğu Anadoluda məskun idi. Bu gün belə, Qara-Ulusun hələ oturaqlaşmamış qalığına İraqda rast gəlinməkdədir.


__________________________________________________
Faruk Sümer

1 yorum:

  1. Win accumulator soccer prediction for today's match - Thtobet.com 카지노 카지노 바카라사이트 바카라사이트 119Week 6 Spread Picks and Predictions - Thakasino.com

    YanıtlaSil