4 Eylül 2015 Cuma

İranın Dini Tərkibi





İranın əhalisinin dini tərkibi ilə bağlı əski qaynaqlardan birində qarşıma çıxan rəqəmləri paylaşmaq istəyirəm. İranda heç zaman demokratik bir rejim olmadığına görə İranın nə etnik tərkibi, nə dini tərkibi doğru bilinmir. Dini tərkiblə bağlı rəsmi açıqlanan bilgilər olsa da bu rəqəmləri gerçəyi əks etdirmir, çünki İranda bilindiyi kimi inanc özgürlüyü yoxdur, insanlar üzərində basqı var. Bu nədənlərdən dolayı İranın etnik və dini tərkibi ilə bağlı ancaq ehtimallardan danışa bilərik. Burada İran əhalisinin dini tərkibi ilə bağlı təqdim edəcəyim rəqəmlər də bu ehtimallardan biridir. Aşağıdakı bilgilər Fransız "Revue du Monde Musulman" dərgisinin 53-cü cildindən (1922-1923-cü il buraxılışı) alınmışdır. Ancaq statistik rəqəmləri başqa bir qaynaqdan — İtaliyalı iqtisadçı E. Lorininin "La Persia economica contemporanea e la sua questione monetaria" (1900-cü il) adlı kitabından almışlar. Aradan keçən 20 ildən çox sürədə əlbəttə müəyyən demoqrafik dəyişikliklər baş verdiyindən gərəkli qeydləri müəlliflər vurğulamışlar.




1. İmamiyyə Şiələri (Cəfərilik) — 6,800,000 nəfər. 1907-ci il anayasasına görə Cəfərilik dövlət dinidir. Bunlar 2 yerə bölünürlər:

a) Üsuli Şiələri — 5,5 milyon nəfər.
b) Əxbari Şiələri — 1 milyon nəfər. (Həmədan, Əhvaz, Bəhreyn, Əl-Əhsa).


2. Çeşidli Şiə məzhəbləri:

a) Nöqtəviyyələr (Gilanda yaşayan keçmiş Zeydilər) — 100,000 nəfər.
b) Şeyxiyyələr (Həmədan, Təbriz, Qəzvin, Kirman (6,000)) — 250,000 nəfər.


3. Babiliyin iki qolu:

a) Əzəlilər (üsyançı kimi yox ediliblər) — 1906-1912-ci illərdə 50,000 nəfər.
b) Bəhailər (Tehran (30,000), Kirman (3,000) və Neyriz) — 650,000 nəfər. Üç min nəfər ABŞ, Avropa və Hindistana köçmüşdür.


4. İfrat Şiə məzhəbləri:

a) Əli-Allahilər (Əhli-Haqq), 16-cı yüzildə əsası qoyulmuş, Türk, Kürd və Lurlardan ibarətdirlər. 8 qola ayrılırlar: Atəşbəguhi, Davudi və s. Dəmavənd, Mazandaran və Xorasanda yayılıblar — 300,000 nəfər.
b) Yeni İsmaililərHürufilər (Gilanda Lahican və Kohdomda, Kirman, Sircan, Qain, Bircand və Nişapurda yayılıblar) — 150,000 nəfər.
c) Yezidilər (Makıda).


5. Sünni Müsəlmanlar, Şafiilər (Kürdlər, Talışlar, Ərəblər) və Hənəfilər (Əfqanlar) — 860,000 nəfər.



Toplamda 8 milyon 330 min Müsəlmandan başqa İrandakı digər din və məzhəblər bunlardır:

Qriqoryan Ermənilər (Təbriz, İsfahan Culfası, Həmədan) və Latıni Ermənilər (Katoliklər) (İsfahan, Urmiya) — 51,330 nəfər.

Ortodoks (Pravoslav) Ruslar (Astarabad tərəfdə) — 40,000 nəfər.

Yəqubilər, Nəsturilər Uniatlardan ibarət Süryanilər (Aysorlar) — 1914-cü ildə 31,750 nəfər idilər, bunlardan 10 min nəfəri Birinci Dünya Savaşı zamanı ölmüş, 10 min nəfəri İraqın Bakuba və Mosul bölgələrinə köçmüşdür. Təbriz və Həmədanda 10,000 nəfər qalmışdır.

Protestantlar — 3,000 nəfər.

Cuhudlar (Talmudçular, Qaraimlər, İsəvilik, Ənaniyyəlik, Yudğaniyyəliyin qalıqları. Tehran, İsfahan, Həmədan, Yəzd və Kirmanda yayılmıışlar) — 22,170 nəfər.

Məzdailər (Gəbrlər), Yəzddə (8,500), Kirmanda (2,400) və Tehranda (350), Şiraz və Kaşanda yayılıblar — 11,000 nəfər. Bunlardan başqa Hindistanda da 101.778 nəfər vardırlar (Parsilər).

Sabiilər (Mandeilər), Hüveyza, Şüştər və Mühəmmərada yayılıblar — 300 nəfər.



________________________________________________________________________________

Revue du Monde Musulman, T53, səh. 309-310, (1922-1923)

Hiç yorum yok:

Yorum Gönderme