14 Eylül 2014 Pazar

Hacı Əlililər

Hacı Əlililər








Hacı Əlili, İran Azərbaycanının Türk tayfasıdır. Onun başlıca qolu Vərziqan və Əhərin quzeyində, Qaracadağda (Arazbaran) yaşayır; digər bir qolu Marağa yaxınlığında yurd salıb. 1960-da, hər iki qol hələ  köçəri idi. Qaracadağ Hacı Əlililərinin yaylaqları Dizmar və Üzümdil mahallarında (dehistan) idi; onların qışlaqları Keyvan və Gərmədüz mahallarında idi. Marağa Hacı Əlililərinin yaylaqları Səhənd dağında idi; qışlaqları Urmiya gölünün gündoğu yaxasında, Gögandan (Azərşəhrin quzeybatısı) Cığatı (Zərrinərud) çayının deltasına qədər idi. Qaracadağ Hacı Əlililərinin tirələri bunlardır: Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı, Çarıxlı, Mədədli, Pir Əlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağa Hacı Əlililərinin tirələri bunlardır: İnallı, Zərgər, Yağbastılı və Duşmallı. Ledi Şeylə əsasən, Hacı Əlililər 1849-cu ildə 800 ailədən ibarət idi.

Hacı Əlililərin ən azından bəzi tirələri 19-cu yüzildə Rusiya ilə savaşlaradək Araz çayının quzeyində yaşamışdır, və doğrudan da Gəncəli və Qarabağlı adları o bölgə ilə keçmiş əlaqəyə işarə edir. Hacı Əlililərin bu münaqişələr zamanı fərqləndikləri və tayfa rəisi, Əsədullah Sultanın İran üçün savaşan doqquz oğlunu itirdiyi söylənilir. 1828-ci ildə Türkmənçay Müqaviləsindən sonra, Abbas Mirzə Arazın quzey bölgəsində məskunlaşmış Hacı Əlililəri, Qarabağın bir çox digər Türk köçəriləri ilə birlikdə, Rusiya ilə yeni sərhədin güneyinə köçməyə çağırdı və onlara yeni otlaqlar təklif etdi.

Hacı Əlililər 1906-1911-ci illər Məşrutə İnqilabında önəmli rol oynamışlar. Onların rəisi, Sam Xan Əmir Ərşad, və onun qardaşı, Məhəmməd Hüseyin Xan Sərdar(i) Əşayir, Məşrutəçilərə dəstək olmuşlar. 1288 Şəmsi (1909-1910) ilinin qışında, onlar Yefrem Xana, Rəhim Xanın başçılığı altında devrilmiş Məhəmməd Əli Şahın Qacar taxtını geri qaytarmaq cəhdinin ən böyük dəstəkçiləri olan Çələbiyanlıları və onların müttəfiqlərini yenməyə yardım etmişlər. Rəhim Xanın Təbrizdə, 1911-ci ilin sentyabrda ölüm hökmdündən sonra, Əmir Ərşad ondan sonra qalan güc boşluğunu doldurdu. O, öz nüfuzunu Xoyacan yaymış, və on il boyunca Təbrizin quzeyində geniş bir ərazidə, Vərziqan və Əhərdə hökm etmişdir. Ancaq Şəmsi 1300-cü (1921-1922) ildə, Azərbaycan valisi, Müxbirüssəltənə, onu 1,000-ə yaxın tayfa döyüşçüsü və 1,500 jandarm gücü ilə üsyançı Kürd qiyamçılarının başçısı İsmail Ağa Simko Şikaka qarşı yürüşə göndərdiyi zaman o, Mərənd yaxınlığında, Təsuc kəndində qətlə yetirilir. O, Sərdar(i) Əşayir tərəfindən rəislikdə əvəz edilmişdir. Buna baxmayaraq, Rza Xanın (gələcək Rza Şah) ortaya çıxması ilə, Hacı Əlililərin quzey İrandakı nüfuzları tezliklə zəiflədi. Şəmsi 1301-ci (1922-1923) ildə Sərdar(i) Əşayir tutuqlanmış və onun şəxsi ordusu buraxılmış, bununla da Hacı Əlililərin Qaracadağdakı hökmranlığına son verilmişdir.








Pierre Oberling

Hiç yorum yok:

Yorum Gönderme