22 Ağustos 2015 Cumartesi

Avşar yurdu Əsədabad

Əsədabad Mahalı




Əsədabad deyilən yer Həmədan vilayətinin batısında, Kürdlərin məskun olduğu Kürdüstan vilayəti ilə Kirmanşah vilayətinin arasında sıxışmış və Kürdləşdirilməyə çalışılan bir Türk mahalının adıdır. Vikipediyada hamedanpolitic adlı bir İran saytına istinad edilərək bölgənin etnik tərkibi 1997-ci il üçün belə verilir: Farslar − 63 %, Kürdlər − 19 %, Türklər − 14 %, Lur və Ləklər − 4 %. Bu İranlıların müasir dövr üçün verdikləri rəqəmlərdir, ancaq bu rəqəmlər təxminən 165 il öncəyə aid əcnəbi müəllifin bölgəyə səfər edərək verdiyi bilgilərlə uyğun gəlmir. İlk öncə məlumatımızın qaynağı haqqında qeyd etməliyəm. 1848-ci ildə Osmanlı ilə Qacarlar arasında sərhədlərin təyin edilməsi üçün beynəlxalq komissiya təşkil olunur. Komissiyaya Osmanlı və Qacar dövlətlərindən başqa Rusiya və Britaniya da daxil idi. Rusiya heyətini təmsil edən komissar Rus zabiti Yeqor Çirikov olmuşdur. Buradakı bilgilər də Yeqor Çirikovun 1849-1852-ci illəri əhatə edən bölgəyə səfərinə dair şəxsi səyahət jurnalından götürülmüşdür. Çirikov Əsədabad haqqında bunları yazır:


«Kəngavər Əsədabaddan 6 saat 15 dəqiqəlik yoldadır. Əsədabadda 800 ev var. Bu yerin hakimi Babaxan Xan Həmədandan bağımsızdır. O, özü, tayfasının tabeliyinin təminatı kimi Tehranda yaşayır; onun on dörd yaşlı oğlu isə işlərinə baxır. Bu Avşar tayfasının bir hissəsidir; Ətrafdakı 70 kəndin ikisindən başqa hamısı bunlarla məskundur. Kəndlərin siyahısı və Sənəyədək marşrut Oqranoviçdə var. Xan 800 nəfərədək atlı və 1000 nəfər yayaq əsgər çıxara bilər. Avşar tayfası İranda səpələnib; bir qismi Rəştdə və Xorasan tərəfdədir.» [Записки Кавказского отдела Императорского Русского географического общества. Книга 9 (1875)]




Yazıdan göründüyü kimi 19-cu yüzildə Əsədabad tam bir Türk məskənidir. İran qaynaqlarının müasir dövr üçün verdikləri "63 % Farsdır" məlumatının əsassız olduğu fikrindəyəm. Çünki Əsədabad bir sənaye mərkəzi deyil, böyük ticarət mərkəzi deyil ki, buraya qıraqdan Fars əhalisi köçüb gəlsinlər. Əksinə, bu yerlərin əhalisi özü buralardan böyük şəhərlərə gedirlər. Demək ki, 100-150 il öncə burada olmayan Fars etnik ünsürünün bu gün birdən birə 63 % olaraq qarşımıza çıxması sadəcə olaraq aldatmacadır, təbliğat alətidir.

Burada ikinci önəmli məsələ Kürdləşmə məsələsidir. Əsədabadın batı qonşuluğunda Kirmanşah vilayətinin içində Sunqur, Kəngavər və Səhnə adlı üç tarixi Türk mahalı var. Kirmanşah vilayətinin özü isə əsas etibarilə Kürdlərlə məskundur. Daha öncə bu üç mahaldan Səhnə haqqında yazmışdım. Buranın əhalisi də Avşar tayfasının Xudabəndəli tirəsindəndir, ancaq artıq dillərini unudublar. Eynilə Kəngavər mahalı da bu gün üçün əlimdə olan bilgilərə görə Türkcənin unudulduğu bir yerə çevrilib, əhali Kürdləşib. Hal-hazırda bu üç qardaşdan sonuncusu olan Sunqur Kürdləşməyə məruz qalmaqdadır. Bu qala da düşərsə, növbəti hədəf Əsədabad olacaqdır və beləliklə Kürdləşmə Həmədan vilayətini udmağa başlayacaqdır. Proses durdurulmadıqca Azərbaycan içlərinə doğru davam edəcəkdir. Sanmayın ki, bu proses haradasa səngiyəcək, yedikcə iştaha artır. Kürdlər Gilan, Mazandaran, Sarab, Xalxal, Zəncan və Qəzvin bölgələrində, — yalan ya gerçək, fərq etməz, — topluluqlarının olduğunu daimi olaraq təbliğat vasitələri ilə gündəmdə saxlayır, bir növ, ilk uyğun fürsətdəcə iddia etməli olduqları hədəflər olaraq göstərməkdədirlər. Proses başladığı yerdə durdurulmazsa biz başqalarının başladığı oyunda sadəcə geri çəkilən olacağıq. Bunun olmaması üçün, etnik sərhədlərimizin bu istiqamətindəki qoruyucu qalaları olan Sunqur, Səhnə, Kəngavər və Əsədabad bölgələrinin Türklüyü oyadılmalı, bu bölgələr daimi gündəmdə saxlanılmalıdır. Bu bölgənin Türk tarixi və mədəniyyətini araşdırmalı, öncəliyici tədbirlər almalıyıq.

1 yorum:

  1. Türkiye'den Abdulkadir Atıcı'nın araştırmasına göre (https://dergipark.org.tr/download/article-file/633133) Esedabad'ın köylerinde Türkler %42 ile en kalabalık nüfusa sahip iken yazarın resmi olmayan kaynaklardan edindiği bilgilere göre Türkler şehir merkezinde 25 bin ile nüfusun %45'sini teşkil etmektedirler. Fakat yazar merkez için verilen 15 bin kişilik fars nüfusu tek bir fars köyünün bulunmadığı ilçe için mümkün görmemekte ve araştırması esnasında şehir merkezinde yok denecek kadar az fars ile karşılaştığını bildirmektedir.

    YanıtlaSil