Avşar Xanədanı
Xanədanın ilk hökmdarı Nadir Şah, Oğuz (Türkmən) elinin Avşar (Afşar) boyuna mənsub olduğu üçün bu xanədana İran qaynaqlarında Afşariyyə (Afşarlılar) deyilir. Türk elm aləmində isə eyni xanədan daha ziyadə Afşarlar olaraq tanınmaqdadır.
Nadir Şah (əsl adı Nədr – Nəzr Qulı), Xorasandakı Əbivərd sərhəd bölgəsində yaşayan Avşarın Qırxlu obasına mənsub idi. Qaynaqların bəzilərində atası İmam Qulının dəridən əlbisə tikicisi (postin-duz) olduğu söylənir. Nadirin də Qırxlu obasının sadə bir mənsubu olduğu təxmin edilməkdədir. Əsilzadəlik ənənələrinə çox bağlı olan köçəri topluluqlarda da bu kimi şəxsiyyətlərin yüksəlmələrinin çox çətin olduğu bir gerçəkdir. Fəqət nə olursa olsun Nədr Qulı, yəni Nadir, sahib olduğu bir çox yüksək məziyyətlərlə öz tarixçisinin belə yazmaqdan usandığı saysız mübarizələrdən sonra Xorasanın tanınmış əmirlərindən biri durumuna yüksəldi (1137/1725). Bu tarixdə İran, istila və işğallarla ağır bir böhran içinə düşmüş bulunurdu. Başda Səfəvilərin dövlət mərkəzi İsfahan olmaq üzərə ölkənin böyük bir qismi Əfqanlar tərəfindən idarə edildiyi kimi, İrəvan, Gəncə, Təbriz, Həmədan və Kirmanşah əyalətləri də Osmanı hakimiyyətinə keçmişdi. Ruslar da Şirvanı işğal etmişlər, Gilana da əsgər çıxarmışdılar.
Çeşidli bölgə və yörələri idarə edən Səfəvi əmirləri də bu böhranı fürsət bilib başlarına buyruq bir şəkildə hərəkət etməkdə idilər. Səfəvi Hökmdarı II Təhmasib ilə yanındakı dövlət adamları isə bu ərəfədə Xorasana çəkilmək məcburiyyətində qalmışdılar (1139/1727). Avşar Nadir Qulı Bəy, Təhmasib və yanındakılara özünün fərqli bir şəxsiyyət olduğunu tanıtmaqda gecikmədi. Eyni il Səfəvi hökmdarının baş sərkərdəsi və Qacar Dövlətinin qurucusu Ağa Məhəmməd Şahın babası Fəth Əli Xan vəzifədən uzaqlaşdırıldığı kimi, Məşhəd də zəbt edildi. Şəhəri Təhmasib deyil, Nadir Qulı Bəy idarəsi altına aldı. Əfqan Hökmdarı Əşrəfin Semnana gəlməsi Təhmasibi Nadir Qulı Bəyə daha çox yaxınlaşdırdı. Bu da Avşar rəisinin qayələrinə uyğun idi. Onun üçün işləri əlinə aldı; şahın adına hərəkət edir kimi göründü, hətta bu münasibətlə Təhmasib Qulı Xan adını daşıdı.
Təhmasib Qulı Xan, Əşrəfi bir-birinin ardınca ağır yenilgilərə uğradaraq Əfqan hakimiyyətinə son verdi (1142/1729). Əfqan əsgərinin geriyə qalanlarını öz böyük qayəsinin gerçəkləşməsi üçün xidmətinə almaqdan çəkinməyən Təhmasib Qulı Xan bu şəkildə Qızılbaş Türk əsgərini də daha artıq acizliyə düşməkdən qurtardı. İranın quzeybatı əyalətlərini Osmanlıların əlindən geri aldı (1143/1730). Fəqət baş komandan (sipəhsalar) Təhmasib Qulı Xan günbatıda daha artıq qala bilmədi; iqtidarının başlıca dəstəyi olan Xorasanda bəzi hadisələrin çıxması üzərinə sürətlə buraya qayıtdı. Xorasanda duruma hakim olduğu kimi, Herat məsələsini də arzu etdiyi şəkildə həll etdi.
Şah Təhmasib isə hər kəs tərəfindən bilinən acizliyinə rəğmən, baş komandanın ölkənin gerçək sahibi imiş kimi davranmasını xoş qarşılamırdı. Bu nədənlə günbatıdakı bəzi əyalətləri yenidən zəbt etmiş Osmanlılara qarşı tək başına hərəkətə keçdi. Qazanacağı bir zəfərin durumunu qüvvətləndirəcəyinə və baş komandanı da əmrlərinə itaət etmək məcburiyyətində qoyacağına inanırdı. Fəqət Həmədan yaxınındakı Kuricanda Bağdad Valisi Əhməd Paşa ilə etdiyi savaşı uduzması (Sentyabr 1731) bütün ümidlərini suya düşürdü; Osmanlı uğurlarının davam etməsi üzərinə də barış etmək məcburiyyətində qaldı (Yanvar 1732). Bu barışı edərkən baş komandanın fikrini almaması Nadirə gözlədiyi fürsəti verdi və edilən andlaşmanı qəbul etmədiyini, yazda əsgəri ilə hərəkətə keçəcəyini bildirən bəyannaməsi ilə Təhmasibi xalqın gözündən əməllicə düşürdü. Ardınca İsfahana gəlib şahı taxtdan endirərək yerinə oğlu Abbası qoydu (7 Avqust 1732), özü də səltənət naibi oldu. Abbas bu ərəfədə yeddi aylıq (bir rəvayətə görə iki aylıq) bir uşaq idi. Bundan sonra Osmanlılara savaş açdı və onları əski sərhədlərinə çəkilməyə məcbur buraxdı, Dağıstan bəylərini də itaət altına aldı, sonra İranın bütün bölgə və yörələrinin təmsilçilərini Azərbaycandakı Muğan bozqırına topladı (1148/1736). Xüləfa-yi Raşidindən Hz. Əbu Bəkr, Ömər və Osman ilə Hz. Aişəyə söymənin müsəlmanlar arasında çox qan tökülməsinə nədən olduğu bildirilib, bundan vaz keçilməsi istəndi. Novruzun qutlanmasının və digər bəzi adətlərin İslamiyyətə zidd olduğu ifadə edildi. Bunların yasaqlanması qəbul edildiyi kimi, səltənət naibinin də İran şahı elan edilməsi qərarlaşdırıldı; keçirilən bir mərasimlə səltənət naibi Nadir Şah ad və ünvanı hökmdarlıq məqamına gətirildi (8 Mart 1736). Beləcə Nadir Şahın, İmam Cəfər əs-Sadiqə bağlanan daha mötədil bir məzhəbi İran xalqına qəbul etdirmək surətiylə Sünni və Şiə müsəlmanlar arasındakı düşmənliyə son vermək, onları bir-birinə yaxınlaşdırmaq və qaynaşdırmaq, digər bir ifadə ilə İranı yalnızlıqdan qurtarmaq qayəsini daşıdığı açıqca görünməkdədir. Cəfəri məzhəbini qəbul etməsi, Nadir Şahın Sünniliyə meyli olduğu iddiasının ortaya atılmasına səbəbiyyət vermişdir.
Nadirin şah seçilməsi ilə Səfəvi xanədanının hakimiyyəti də son bulmuş olurdu. Özündə qüvvətli bir qövmi şüurun var olduğu bilinən Nadir Şahın hökmdarlıq dövrü on bir il davam etdi. Bu sürə içində Dehliyədək gedən uğurlu bir Hindistan səfərində bulundu (1738 – 1739); Türküstanı dolaşdı (1740) və beləcə cahangirlər arasına qatılmış oldu. Onun İran tarixindəki rolu, bu ölkəni Rus, Əfqan və Osmanlı dövlətlərinin əlinə keçməkdənn qurtarmasıdır. Bununla birlikdə Nadir Şah sərt və acımasız davranışı ilə xalqını yoxsulluq içinə düşürmüşdü. Hətta ən böyüyündən ən kiçiyinədək bütün hərbi və mülki idarəçilər dəxi həyatlarından əmin olmayacaq bir duruma gəlmişdilər. Nadir Şah da əleyhindəki bu qorxu və nifrət havasının fərqində idi. Son zamanlarda ölkəsinin bir çox yerində ayaqlanmalar baş göstərmişdi. Bunlardan birinin başında şəxsən yegəni Əli Qulı Xan bulunurdu. Nadir bu ayaqlanmalardan birini yatırmağa gedərkən Xorasandan Xabuşana iki qonaq məsafədəki Fəthabadda bir gecə yatarkən əmirlər tərəfindən öldürüldü (21 May 1747). Bu əmirlərin bir və ya ikisi xaricində geri qalanları Nadirin öz boyu olan Avşara mənsub idilər və sui-qəsdi düzənləmələrinin nədəni, sadəcə öz həyatlarını təhlükədə görmələri və əmisinin üzərinə yürüməkdə olan Əli Qulı Xan tərəfindən təhrik edilmələridir.
Nadir Şahın öldürülməsi əsnasında Herata varmış bulunan Əli Qulı Xan, sui-qəsdçi əmirlərin istəyi üzərinə sürətlə Məşhədə gəldi və duruma hakim oldu, Nadir Şahın bütün oğulları və biri müstəsna olmaqla bütün nəvələri acımasızca öldürüldülər. Əli Qulı Xan, Nadir Şahın öldürülməsindən qısa bir sürə sonra şah elan edildi (6 İyul 1747) və eyni zamanda Adil Şah ünvanını da aldı. Əmisinin Kəlat Qalasında bulunan çox zəngin xəzinəsi Məşhədə gətirilib əmir və əsgərlərə əl əliaçıqlıqla paylanıldı. Nadir Şahın Xorasana köç etdirib məskunlaşmağa məcbur buraxdığı Bəxtiyari, Zənd və digər bəzi oymaqlar məmləkətlərinə döndülər. Zəndlərin əski yurdlarına dönmələri, Kərim Xanın ortaya çıxmasına və Zənd Dövlətinin qurulmasına nədən oldu. Əli (Adil) Şah qardaşlarının ən böyüyü İbrahim Xanı İraq valiliyinə göndərdi, fəqət yaranan qorxunc qıtlıq dolayısı ilə özü də Xorasandan Mazandarana getmək məcburiyyətində qaldı və orada yeddi aydan çox oturdu. Bu sırada Astarabad valiliyini verdiyi Qacar Məhəmməd Həsən Xanı Türkmən çölünədək qovaladı isə də ələ keçirə bilmədi, acığını onun səkkiz yaşındakı oğlunu xədim etdirməklə çıxarmaq istədi. Qacar Dövlətini quran (1779) Ağa Məhəmməd Şah həmin bu talehsiz uşaqdır. Fəqət Əli Şah çox keçmədən İraq valiliyinə göndərdiyi qardaşı İbrahim Xanın bir çox əmirin dəstəyini əldə edib ona üsyan etdiyi xəbərini aldı. Qaynaqlarda İbrahim Xanın böyük qardaşından əmin olmadığı üçün belə bir işə girişdiyi bildirilməkdədir. Sultaniyə civarında edilən savaşda Əli Şahın əsgərlərindən bir qismi İbrahim Şahın ordusuna qatıldı, bir qismi də məmləkətinə getdi. Əli Şah isə asanca yaxalandı və gözlərinə mil çəkildi (May 1748). On bir ay hökmdarlıqda qalan Əli Şah iyirmi beş yaşlarında güclü, qüvvətli və gözəl üzlü bir gənc idi. Fəqət acımasız, hiddətli və eyni zamanda güvənilməz bir insan olduğu üçün kimsə tərəfindən sevilməmiş, həddən artıq əliaçıqlığı da işə yaramamışdır.
İbrahim Xanın qazandığı uğurda Nadir Şahın xalasının oğlu və Azərbaycan Valisi Aslan Xanın önəmli bir xidməti görünmüşdü. Ancaq Aslan Xanın savaşdan sonra dərhal Təbrizə getməsi, İbrahim Xanda onun özü üçün bir təhlükə təşkil edəcəyi fikrini oyandırdı. Bundan dolayı arxasından gedib Aslan Xanı məğlub etdi və onu qardaşı Saruxan ilə birlikdə öldürtdü. Avşar xanədanı mənsubları bir-birlərini yeyib bitirirdilər. Bu hadisələr üzərinə Xorasan əmirləri Məşhəddə Nadir Şahın həyatda qalan tək nəvəsi Şahrux Mirzəni hökmdarlıq məqamına gətirdilər (Oktyabr 1748). Şahrux bu sırada on üç və ya on dörd yaşlarında çox gənc bir dəliqanlı olub taxta istəməyərək və ya elə görünərək çıxmışdı. Təbrizdə bulunan İbrahim Xan Şahruxa elçi göndərib onu hökmdar tanıdığını bildirdi və ondan İraqa gəlməsini xahiş etdi; fəqət xahişi yerinə yetirilmədi. Məşhədə gəldiyi təqdirdə sözlərinin doğruluğuna inana biləcəyi bildirildi. Bunun üzərinə İbrahim Xan da Təbrizdə şahlığını elan etdi (8 Dekabr 1748). Sonra Şahruxla savaşmaq üzərə Xorasana yürüdü isə də əsgəri arasında qarışıqlıq çıxdığı üçün Qum şəhərinə çəkilmək məcburiyyətində qaldı. Fəqət orada da əsgərlərindən bir çoxu ondan ayrıldıqda Qəzvin ilə Savə arasındakı bir qalaya sığındı, ancaq qaladakılar onu Şahruxun adamlarına təslim etdilər. İbrahim Şahın gözlərinə mil çəkildikdən sonra Xorasana aparılarkən yolda öldürüldü (1749). Eyni ildə Məşhədə aparılan və gözləri görməyən əski hökmdar Əli Şahı isə Nadir Şahın xatunları parça-parça etdilər.
Şahrux çox gənc olduğu kimi dirayət və enerjidən də məhrum bir hökmdar idi. Maraşi şeyxləri ailəsindən, Məşhəddəki müqəddəs yerlərin mütəvəllisi Seyid Məhəmmədin anası tərəfindən Səfəvi xanədanına mənsub olması, xalq və əsgər tərəfindən sevilməsi onu rahatsız edirdi. Seyidi ortadan qaldırmaq üçün gizlicə, nəticəsiz qalan bəzi hərəkətlərə baş vurduqdan sonra bu işi gerçəkləşdirmək üçün əmirlərindən yardım istədi. Fəqət əmirlər əksinə Seyidi, Şah Süleyman ünvanı ilə şahlıq məqamına çıxardılar (14 Yanvar 1750 = Yun ili). Yeni hökmdarın əmri üzərinə Şahruxun həyatına toxunulmayaraq bir neçə qadın və xidmətçi ilə sarayın bir dairəsində yaşamasına izin verildi. Şah Süleyman Qəndəhar, Zabulistan və Herat bölgələrinə hakim olan Əfqanları dövlətə itaət etdirmək üçün Herat üzərinə bir ordu göndərdi. Bu ordu Əfqanları yenib Heratı aldı. Fəqət çox keçmədən böyük bir qismi Türk əsilli əmirlərdən bir zümrə Şahruxu yenidən hökmdar elan etdilər (Fevral 1750). Şah Süleymanın hökmdarlığı qırx gün sürmüşdü. Fəqət Şahruxun gözləri taxtdan endirildikdən sonra kor edildiyi və yetişkin oğlu da olmadığı üçün Məşhəd, Ərəb Aləmşahın əlinə düşdü (1751 – 1753). Ardınca Əfqan Hökmdarı Əhməd Xan Dürraninin hücumuna uğradı (1753 – 1755). Əhməd Şah hicri 1183-də (1769-1770) yenidən şəhər önündə göründü isə də Məşhəd, hələ yeniyetməlik çağının eşiyində bulunan Şahruxun böyük oğlu Nəsrullah Mirzə tərəfindən qəhrəmanca müdafiə edildi. Sonucda iki tərəf arasında barış edildi və Əhməd Şah yanında Şahruxun oğullarından Yəzdan Şah olduğu halda Qəndəhara getdi (İyun 1770).
Əslində Nəsrullah Mirzə də ailə mənsublarının çoxu kimi siyasi zəkadan məhrum idi; Xorasandakı əmirlərə özünü saydıra bilmədiyi kimi, atası tərəfindən də sevilmirdi. Bu üzdən Kərim Xana sığınmaq məcburiyyətində qaldı. Sonra Məşhədə qayıtdı və şəhəri hicri 1198-ci (1784) ilədək idarə etdi. Fəqət 18-ci yüzilin ikinci yarısına aid İran qaynaqlarının yetərsizliyindən Nəsrullah Mirzənin nə zaman və necə öldüyü bilinmir. Şəhər daha sonra sultan ünvanı daşıyan Nəsrullah Mirzənin qardaşı Nadir tərəfindən idarə edildi. Nadir Sultanın hökmdarlığı hicri 1210-cu (1796) ilədək sürdü; atası Şahrux da həyatda idi. İranın çox böyük bir qismini idarəsi altına almış bulunan Qacar Ağa Məhəmməd Şah hicri 1210-da (1796) Məşhəd önündə göründü və yanında bəzi oğulları ilə üləma, füzəla və sadad olduğu halda Şahrux tərəfindən qarşılandı. Ağa Məhəmməd Şah, Şahruxa oğulları və nəvələri ilə Mazandaranda oturma əmrini verdi, ancaq Şahrux Mazandarana gedərkən yolda vəfat etdi (1210/1796). Nadir Sultan isə yaxınları ilə Herata sığınmışdı; Ağa Məhəmməd Şahın ölümündən (1797) faydalanıb bir müddət Məşhədə hakim oldu. Hətta Fəth Əli Şah tərəfindən göndərilən Qacar sərkərdəsi Məhəmməd Hüseyin Xana qarşı şəhəri müdafiəyə qalxdı isə də bacara bilmədi, yaxalanıb Abbas və İbrahim adlı oğulları ilə birlikdə həyatına son verildi (Fevral 1804). Təhmasib Mirzə, Mühibb-i Əli Mirzə və Xaliq Verdi Mirzələrin gözlərinə mil çəkildi, Rza Qulı Mirzə ilə Mustafa Qulı Mirzə də Farsa aparılıb orada iqamətə məcbur edildilər. Beləcə Avşar xanədanının tarixi həyatı sona çatmış oldu. Xanədanın bu həzin aqibətini birbaşa öz mənsublarının hazırlamış olduqları şübhəsizdir. Nadir Şahdan sonra Avşarlılar arasından yüksək sərkərdəlik vəsflərini daşıyan bir kimsə çıxmadığı kimi, dirayətli bir hökmdar da yetişmədi. Avşarlıların İran tarixindəki mövqeləri, sadəcə Nadir Şahın böyük siyasi uğurlarına münhəsir qalmışdır.
Avşarlılardan Nadir Şah ilə yegənləri Əli və İbrahim şahlar və nəvəsi Şahrux sikkə kəsdirmişdirlər. Avşar hökmdarlarına aid bəzi rəsmi vəsiqələr olduğu bilinməkdə isə də bunlardan çox azı nəşr edilmişdir.
______________________________________________________
Faruk Sümer
Hiç yorum yok:
Yorum Gönder