20 Ağustos 2014 Çarşamba

Qaraqoyunlu Məhəmməd Bayram Xan Baharlu-Türkmən

Qaraqoyunlu Məhəmməd Bayram Xan Baharlu-Türkmən


Bayram Xan (? – 1561), Xan-Xanan





Seyf Əli Bəyin oğludur. Dördüncü və ya beşinci nəsildəki əcdadı Əli Şükr Türkaməndir. Baharlu tayfasına mənsub olub, Həmədan və digər yerlərdə böyük malikanələrə sahib idi. Oğlu və ya nəvəsi olan Şir Əli ― ki, Pir Əli adı ilə də ünlüdür ― Qaraqoyunlu xanədanına mənsub Cahan Şah Baraninin tabeliyində idi. Uzun Həsən, Qaraqoyunluları məğlub etdikdə, Əbu Səidin xidmətinə keçdi isə də, bunun da qətl edilməsi üzərinə (1469), oğlu Sultan Mahmud Mirzənin tabeliyinə keçdi; onun ilə birlikdə Hisar Şadmanda iqamət etdi və qızı Paşa Bəyimi Sultan Mahmud ilə evləndirdi.

Şir Əli, Hisar Şadmandan Kabilə və sonra da Şiraza yürüdü isə də, bu məmləkət xanı tərəfindən darmadağın edildi. Qaçarkən, Sultan Hüseynin adamları tərəfindən yaxalanaraq öldürüldü. Oğlu Can Əli Bəy, Kunduz bölgəsini də ehtiva etməkdə olan Bədəxşanda yerləşmiş və Babura bağlanmışdır. Bunun oğlu Seyf Əli də, Firiştəyə görə, Qəznə valisi ikən ölmüşdür. Baburun Xatiratında, Can Əlidən hicri 903, 905, 910 və 933-cü illərdə bəhs edilməkdədir. Buna görə, Bayramın Bədəxşanda doğulmuş və Baburun xidmətində bulunmuş olması lazım gəlir; halbuki bu tarixlər, ancaq onun ilk gənclik çağına təsadüf etməkdədir. Bayram Xanın Bəlxdə təhsil aldığı və çalışqan bir tələbə olduğu görünür. Sonradan Kabilə gəldi və məğlubiyyət ilə sonuclanan Kanuc savaşına qatılmaq üzərə, Hümayunun tabeliyində, Hindistana getdi. Bunun ardınca, Sambhalda Hümayunun malikanələrinə baxan bir Hindli zəmindara sığındı isə də, Şir Şahın, gəlib vəzifə alması üçün, onu dəvət etməsi üzərinə, orada çox qalmadı. Bayram bu dəvəti rədd etdi. Fəqət Şir Şahın, ağasına sadiq olanın heç bir zaman gözdən düşməyəcəyi cavabını verməsi üzərinə, adamlarından biri ilə qaçdı isə də, yaxalandı və ancaq dostunun, özünü Bayram kimi göstərərək, zindançını aldatması ilə, həbsdən qaçmağa müvəffəq oldu. Oradan Qucarata getdi və burada Sultan Mahmud, ona bir vəzifə təklif etdi. Lakin Bayram, həccə gedəcəyi bəhanəsi ilə, Surata getmək üzərə, izn aldı. Fəqət bu şəhərdən geri qayıdaraq, Sinddə Hümayun ilə birləşdi. Ağası ilə birlikdə İrana qaçdı və orada Şah Təhmasibin sarayında, qolunun gücü ilə, diqqəti cəlb etdi. Əfqanıstan və Hinddə, Hümayunun sərkərdəsi sifəti ilə, ağasının nüfuzunu yenidən təsis etmək istəyirdi. Bundan başqa Maçhivara (Ludhiana yörəsində; hicri 962 = 1555) savaşını qazandı və məğlub Əfqanların qadın və uşaqlarının əsarətdən istisna edilməsi barəsində verilən insani əmrə, Hümayun qədər, onun da aidiyyatı olması çox gümandır. Hümayun ani olaraq öldüyü zaman, Bayram, Əkbər ilə Pəncabda bulunmaqda idi. Bu xəbəri Kalanurda alar-almaz, Əkbəri şah elan edərək, taxta cülus etdirdi (Fevral 1556). Tərdi Bəy, Dehlidə Himu tərəfindən, utanılacaq bir yenilgiyə uğradıldı və Bayramın əmri ilə edam olundu. Firiştə Tərdi Bəyin bu cəzaya layiq olmadığını söyləyir. Bayram, Panipat savaşında (Oktyabr 1556), Əkbərin yanında döyüşdüyü əsnada, yaralı və əsir olan Himunu, təəssüf ki, öz əli ilə öldürdü. Bayramın Tərdi Bəyə etdiyi davranış ilə Əkbərin zövqlərini belə təqyid etməsi, onun etirazlarına qulaq asmadığını göstərir. Faktiki olaraq özünü Əkbərin atası yerinə qoyduğu üçün, özünə Xan Baba ünvanını qoşdu.

Əkbər, atasının bir əhdini yerinə yetirmək üzərə, 1557-də Bayrama xalası qızı Səlimə Bəyimi verdi. Evlənmə mərasimi, böyük bir dəbdəbə ilə, Calandharda keçirildi. Bayram, Səlimə ilə evlənmədən öncə, Məvatlı bir müsəlman Hindli olan Camal Xanın qızı ilə evlənmiş və ünlü oğlu Əbd əl-Rahim bu qadından dünyaya gəlmişdi. Nə Bayramın və nə də Əkbərin Səlimədən uşaqları olmadı. Bayramın təkəbbürlü hərəkəti və Əkbərin süd nənəsi olan Mahimin nüfuzu üzündən, Əkbər ilə araları dəydi. Bayram, öncə qəyyumluqdan çəkilmək meylində bulundu isə də, düşmənlərinin təhrikləri üzərinə, yerində qalmağa və müqavimət göstərməyə qərar verdi. Bununla belə, Əkbərin alicənablıq göstərərək, onu əfv etməsi üzərinə, həccə getmək məqsədi ilə yola çıxdı və Qucaratda, Patanda ona qarşı qan davası güdən bir Əfqan tərəfindən öldürüldü (31 Yanvar 1561). Cəsədi sonradan, yegəni tərəfindən, Məşhədə köçürüldü.

Bayram, Şiə idi. Mütəəssib bir Sünni olan Bədaüninin onun haqqında mədhkaranə bir dildə danışmış olması, bu şəxsin fəzilət və böyüklüyünə bir dəlil təşkil edir. Bayram ədəbiyyat ilə məşğul olmuş və bir Divan qoyub getmişdir ki, Bədaüni və Firiştə bir çox beytlərini nəql etmişdirlər. Özü haqqında Əkbərnamədə, Firişdədə (ölümü haqqında) və Şah Nəvaz Xanın Mə’asir əl-‘ümərasında bilgi vardır. Blochmannın, A’in-i Əkbəri tərcüməsindəki bütün məlumat, özəlliklə bu sonuncu əsərdən iqtibas olunmuşdur. Şəms əl-‘üləma Məhəmməd Hüseynin Hindustani dilində yazdığı Dərbar-i Əkbəridə Bayram haqqında müfəssəl və faydalı bilgi verilməkdədir.


_____________________________________________________
H. Beveridge

Hiç yorum yok:

Yorum Gönder