Oğuz-Türkman yurdu Dəmirqapı Dərbənd
«Dərbənd əhalisinin əvvəlki durumu barədə səhih bilgilər yoxdur və hətta onun, Dərbəndin Rusiya təbəəliyinə keçdiyi zaman nə qədərədək olması da bəlli deyil. Xəzər Dənizinin batı sahili boyunca 18-ci yüzilin ikinci yarısının ortalarında səyahət etmiş akademik Qmelinin fikrincə, o zaman Dərbənddə 4,000 ev, o cümlədən 100 Erməni [evi] vardı. Daha ağlabatanı, Bronevskinin, 1792-ci ildə bu şəhərin 2,200 evdən ibarət olması barədə məlumatıdır. Klaprotun (Tableau du Caucase), Dərbəndin ötən onillik içində 4,000 ailə tutması barədəki xəbəri Qmelinin şahidliyinə əsaslanır. Qamba Dərbəndin əhalisini 1824-cü ildə 7 və ya 8 min nəfər təxmin edir. 1832-ci ildə hazırlanmış kameral təsvirə görə, şəhərə əlavə edilmiş Sabnova kəndi və şəhər ətrafı ilə birlikdə, Dərbənddə, 1,795 evdə 5,139 nəfər kişi hesaba alınıb.
Şəhər sakinləri arasında Türkmanlar, İranlılar, Yəhudilər və Ermənilər var. Toplam olaraq 130 ailə Erməni və 50-dək Yəhudi [ailəsi] var.
Müsəlmanlardan Sünni məzhəbinə aid olanlar 1/10-dən çox deyil, qalanları isə — Şiədirlər. Birincilərin 1 əfəndisi və 9 mollası, sonuncuların isə — 3 axundu və 34 mollası var. Dərbənd əhalisi, ümumən Rusiya hökumətinə sadiq olan, Əli ardıcıllarıdır, [və bu da] siyasi baxımdan önəmlidir, çünki bütün Dağıstan Sünni məzhəbinə aiddir.
Dərbənd Müsəlmanları Tatar (Azərbaycan Türkcəsi nəzərdə tutulur ― ATB) və Tat dillərində danışırlar, bunlardan birincisi — təkcə Müsəlmanların arasında deyil, hətta öz dilləri olan Ermənilər və Yəhudilər arasında da çox istifadədədir.
Dərbəndlilər, Qafqaz ötəsində digər şəhərlərdə yaşayan Müsəlmanlardan, özəlliklə, çox güman ortaq mənşələrinin olduğu, Bakılılardan az seçilirlər; ancaq zərrə qədər də olsun görünüşcə qonşuları ilə — dağ sakinləri ilə, — oxşamırlar, və istənilən Dağlını Dərbəndlilərin kütləsi içində asanca ayırd etmək olar.
Əxlaqi keyfiyyətləri ilə Dərbəndlilər, daha az qaba və çox döyüşkən olmamaqla bərabər, daha çox Qubalılara yaxındırlar. Onlarda daha çox ictimaiyyətçilik, yekdillik və faydalı yeniliklərə meyllilik gözə çarpır. Onlar arasında qəsdən törədilmiş cinayətlər nadirdir, belə ki, 6 il sürəsində 50-dən çox olmayan cinayət işi olub, və bunlar üzrə cəmi 30 nəfər mühakimə olunub. Boşanmaların sayı, eyni vaxt ərzində, təxminən 80 olub.»
______________________________________________________
Rusiyanın Qafqaz ötəsi ərazilərinin statistik, etnoqrafik, topoqrafik və maliyyə cəhətdən icmalı. Hissə III, səhifə 165−169. 1836-cı il (Rusca).
Hiç yorum yok:
Yorum Gönder