Ayrumlar
Səlcuqlar bir sıra tayfalara bölünmüşlər və bunlardan
bir çoxları Monqol hücumu dövründə onlara boyun əymək istəməyib, Kiçik Asiyaya
çıxıb getmiş və oradan sonralar müxtəlif çağlarda Azərbaycana gəlmişdilər, bir
bölümü isə Monqollar çağında da Azərbaycanda qalmışdı. Səlcuq tayfaları indi də
Ayrum, Şamlı, Bəydilli, İnallı, Təklə, Qaramanlı, Əhmədli, Aydınlı, İmirli, Düxər
və b. adlarla ünlüdür.
Rumdan (Anadoludan) gəlmiş oymaq ― Ayrumlar, yaxud
daha doğrusunu desək, Elrumlar 1301-ci ildə Konya sultanlığının ― Səlcuqların
süqutundan sonra Azərbaycanda yurd salmış, Gəncə və Qarabağ bölgələrini
tutmuşlar. Sonralar, yəni, XVI yüzilliyin sonlarında Ayrumlar burada iki bölüyə
bölünmüşdülər. Bir bölümü İran Azərbaycanına getmiş və burada Şah Abbasdan
«Şahsevənlər», yəni, «şahın sevimliləri» adını almışdı, o biri bölümü isə ―
Ayrumlar, Saatlı, Axsaqlı, yaxud Çolaqlı və b. burada qalmışdılar.
Ayrumlar öz tirələri ilə birlikdə Azərbaycanda
aşağıdakı kimi yerləşmişlər:
Cavanşir qəzasında ― Ayrumlar, Saatlı;
Qazax qəzasında ― Bağanıs-Ayrım, Polad Ayrım,
Şınıx-Ayrım;
Cavad qəzasında ― Saatlı;
Lənkəran qəzasında ― Axsaqlı;
Nuxa qəzasında ― Çolaqlı.
İran Azərbaycanına gələn Ayrumlar, Şahsevənlər adı ilə
Ərdəbil əyalətində yerləşmişlər. Buradan sonralar Qafqas Azərbaycanının
hüdudlarına keçmiş və öncə Muğanda, sonra isə bütün ölkədə kök salmışlar.
_________________________________________________________________________________
Məhəmmədhəsən
bəy Vəlili-Baharlı ― “Azərbaycan” (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi
oçerk) [1921]
Hiç yorum yok:
Yorum Gönder