16 Ağustos 2014 Cumartesi

Kartli Krallığının pərdəarxası sahibi Borçalı İsa Xan

Kartli Krallığının pərdəarxası sahibi Borçalı İsa Xan





«Kral öncədən kiminsə Datunanın ölümü barədə danışmasını yasaqladı. O, kraliça xanımı öz çadırına gətirdi, ancaq o gün ağlaşmadan başqa bir şey söylənmədi. Kraliça xanım öz çadırına getdi, kral isə, Loru-Pəmbək və Ağcaqalanın sahibi Borçalı İsa Xanı dəvət edib onun məsləhətini soruşdu: “Kraliça xanım bizə vəsatətlə təşrif buyurmuşdur və bizim borcumuz onu qəbul etməkdir. Əvvəla o, bizə qohumdur, bir də ki, gürcü kralları ya da hakimləri çətinliyə düşəndə, vasitəçi kimi həmişə ya öz analarını ya da xanımlarını göndərərdilər. Teymuraz Gürcüstanın bu adətini yerinə yetirib. İndi biz nə etməliyik və siz mənə nə məsləhət görərdiniz?”.
O, belə cavab verdi: “Yüz mindən çox İranlı bu Kaxetiyada həlak olub, və hökmdarlar çox səy göstəriblər, ancaq, Tanrının sizə bəxş etdiyi kimi bir qalibiyyətə heç kim layiq olmamışdır. Madam ki, sizin ədalətiniz sizə belə qələbə vermiş, burada siz ataya qalib gəlmişsiniz, aşağıda isə qoşun onun oğlunu öldürmüş və kraliça gəlib sizin ayaqlarınıza qapılmış, qoy onda Teymuraz Qarayazıdakı ov sahələrini sizə könüllü güzəştə getsin, qalanını isə ona saxlayın və geri qayıdaq”. Kral, İsa Xanın bu məsləhətini bəyəndi və elə belə də etmək istəyirdi.»


Parsadan Qorgicanidze, “Sakartvelos Tsxovreba” (1694)



Burada Kartli Kralı Rüstəm Xanın (1565−1658) Kaxetiya hakimi Teymurazı öz torpaqlarından qovaraq Kaxetiyaya da sahib olması dövründəki son hadisələr təsvir olunub. Olaylar 1648-ci ildə baş verir. Kitabın yazarı, Parsadan Qorgicanidze, ömrünün 40 ilini İranda keçirmiş Gürcü əsilli tarixçi və dövlət xadimi olmuşdur. Parsadan Qorgicanidze özü bu hadisələr baş verən zaman Rüstəm Xanın sarayında olmuş və bütün bu hadisələrin canlı şahidi kimi hadisələri təsvir etmişdir. Bu kiçik yazı parçasında bizim diqqətimizi çəkən məqam, Borçalı İsa Xanın bütün Kartli və Kaxetiya üzərindəki nüfuzunun və qüdrətinin təsbit edilməsidir. Ayrıca, Borçalı İsa Xanın Qarayazı ərazisini Kartli valiliyinə birləşdirmək, və dolayısı ilə birbaşa öz təsir sahəsinə daxil etmək istəməsi də maraqlıdır. Mətndə adı keçən Ağcaqala, Ağqoyunlular tərəfindən Kartli hökmdarlarına nəzarət etmək üçün tikilmiş və oraya köçürülən Borçalı Türkləri bir neçə yüzil boyunca bu vəzifəni yerinə yetirmişlər.

Hiç yorum yok:

Yorum Gönder