30 Ağustos 2014 Cumartesi

Qütbşahilər

Qütbşahilər






Hindistanda Gündoğu Dekan bölgəsində hökm sürmüş bir Türk xanədanı (1512 – 1687)

Bəhməni Dövlətinin yıxılması ilə (1527) ortaya çıxan beş müsəlman dövlətdən biridir. Mənşələrini Qaraqoyunlulara söykəməkdədirlər. Qaraqoyunlulara mənsub Baharlı tayfası öncə Həmədana, ardınca da Hindistana köç etmiş və burada Bəhməni Dövlətinin xidmətinə girmişdir. Tayfanın başçısı və eyni zamanda xanədanın qurucusu olan Sultan Qulu 1496-da Qütbülmülk ünvanını alaraq Günbatı Tilanqana valiliyinə təyin edildi. Bəhməni hökmdarları III Məhəmməd və Mahmud Şah ilə yaxşı münasibətdə olan Sultan Qulu, Hindistanın ən ünlü şəhərlərindən olan Qolkondaya sahib oldu (1496). Öncə Orissa və Karnatalı racalar tərəfindən idarə edilən Hindu üsyanını yatırdı. Ardınca Gündoğu Tilanqanaya vali təyin edilən Türk əsilli Qivamülmülkü aradan qaldıraraq bağımsızlığını elan etdi (1512).

1543-də atası Sultan Qulunu öldürən Cəmşid hökmdar oldu; onun ölümündən sonra yerinə uşaq yaşdakı oğlu Sübhan Qulu keçdi (1550). Ancaq o sıralarda Vicayanaqarda sürgündə olan əmisi İbrahim, Dekandakı tərəfdarları ilə birləşərək yegənini taxtdan endirdi. İbrahim otuz ilədək səltənət sürdü (1550 – 1580). Əhmədnaqar və Bicapur hakimlərinə elçilər yollayıb Hindulara qarşı bir ittifaq oluşduran İbrahim, müttəfiq müsəlman qüvvələriylə 5 Yanvar 1565-ci il tarixində Talikota meydan savaşını qazanaraq Vicayanaqar Hindularına ağır bir zərbə endirdi.

1580-də vəfat edən İbrahimin yerinə oğlu Məhəmməd Qulu keçdi. Yeni hökmdar Əhmədnaqara qarşı dostca davranmış, buna qarşılıq Adilşahilərin düşmənliyini üzərinə çəkmişdir. Getdikcə gərginləşən siyasi münasibətlər savaşla sonuclandı. Adilşahilər üzərinə arxa-arxaya iki uğursuz səfər edildi. Bu durumdan yararlanmaq istəyən Bastar, Karnata və Orissa racaları birlikdə ayaqlandılar. Məhəmməd Qulu bu təhlükəni çətinliklə aradan qaldırdı.

Məhəmməd Qulu, 1596-da vəliəhd qoymadan öldükdə yerinə yegəni və eyni zamanda kürəkəni olan Məhəmməd Qütbşah keçdi. Bu hökmdar zamanında ölkədə Türk təsiri artdı. Məhəmməd Qütbşahın 1612-də vəfatı üzərinə kiçik yaşdakı şahzadələrindən biri olan Abdullah taxta çıxarıldı. Anası Həyat Bəxş Bəgüm oğluna vəkalət edərək naibə sifətilə dövləti idarə etdi. 1655-də Qolkonda Baburlu istilasına məruz qaldı. Şahzadə Övrəngzib, Abdullah və ailəsinin iqamət etdiyi Qolkondanı mühasirə etdi. Ancaq Övrəngzib atası Şah Cahanın istəyi ilə bir müddət sonra mühasirəni qaldırdı. Qütbşahilər, güneydə Mədrəsdəki Palar çayınadək olan yerləri yenidən nüfuzları altına aldılar.

1672-dən sonra dövlət sürətlə çöküşə məruz qaldı. Saraya kürəkən olan Əbü’l-Həsən taxta çıxdıqda daxili idari quruluş Brahmanların nəzarətinə keçdi. O biri yandan Övrəngzibin Baburlu taxtına keçməsi ilə Qütbşahilər üçün pis günlər başlamış oldu. Övrəngzib öncə Dekanı, ardınca Bicapuru ələ keçirərək (1686) yenidən Qolkondanı mühasirə etdi. Qütbşahi hacibi Səadət Xan, gizlicə Övrəngzib ilə təmasa keçərək özünün və adamlarının həyatlarının bağışlanması qarşılığında Qolkondanı təslim edəcəyini bildirdi. 1687-də səkkiz ay sürən mühasirə sonunda (14 Zilqədə 1098/21 Sentyabr 1687) Əbü’l-Həsən, Övrəngzib ilə anlaşmaq məcburiyyətində qaldı. 50,000 rupi qarşılığında səltənət haqlarından vaz keçərək nəzarət altında tutulmaq üzərə Dekandakı Dövlətabad Qalasına göndərildi.

Qütbşahilərin qranit bir qaya üzərinə inşa edilmiş olan baş şəhərləri Qolkondaya bir ara Məhəmmədnaqar deyilmişsə də, bu uzunömürlü olmamışdır. Məhəmməd Qulu tərəfindən 1590-1591-də qurulan Heydərabad da xanədana paytaxtlıq etmişdir.

Qütbşahilər, İslam və Hindu mədəniyyətlərinin sintezindən yeni bir üslub oluşdurdular. Vicayanaqarda yeddi il sürgündə bulunan İbrahim Qütbşah, İslami hökmdarlıq əlamətlərinin yanında Hind simvolları da istifadə etmişdir. İki mədəniyyət arasındakı qarşılıqlı təsir sonucunda Dekan bölgəsində Dekkani adı verilən yeni bir dil doğuldu. Sultan Məhəmməd Qulu bu yeni dilin ən önəmli yazarlarından biri idi. Yeni üslubun göründüyü bir digər sahə də memarlıq idi. Özəlliklə yeni qurulan Heydərabaddakı bağçalar, çarşılar, saraylar bu iki mədəniyyətin birləşimindən doğan üslubun özəlliklərini yansıdır. Zərgərlik və ləl-cəvahirat ticarəti dövlətin ən önəmli gəlir qaynaqlarından birini təçkil etmiş, Qolkonda almazı hər yerdə şöhrət qazanmışdır. Heydərabad kimi Qolkondada da Qütbşahilər dönəminə aid önəmli memarlıq əsərləri mövcuddur.

Qütbşahilər güman ki, İranda ikən Şiəliyi mənimsəmişlər və Hindistanda Sultan Qulu çağında əqidə olaraq Şiəliyi qəbul etmişdilər. Bu üzdən digər Sünni dövlətlərlə ilişkilərində zaman-zaman problemlər meydana gəlmişdir. Baburlular da məzhəb üzündən Qütbşahilərə qarşı mənfi bir davranış içində olmuş, bunlar haqqında Qütbşah yerinə Qütbülmülk təbirini istifadə etmişdirlər.



______________________________________________________
Enver Konukçu

Hiç yorum yok:

Yorum Gönder