10 Eylül 2014 Çarşamba

Borçalı ― Kəpənəkçidən milli geyimdə Türk xanımı (1912-1913)

Borçalı ― Kəpənəkçidən milli geyimdə Türk xanımı (1912-1913)





20-ci yüzilin başlarında Tiflisdəki Qafqaz Muzeyinin rəhbəri Aleksandr Kaznakov etnoqrafik materialların toplanılması işinə başlayır. 1909-cu ildə Qafqaz Canişininə milli geyimlərin önəmi və qorunması barədə məruzə təqdim edir və onun xahişi ilə Qafqaz Canişinliyinin yerli idarəçiləri də bölgə əhalisinin milli geyimlərinə dair nümunələr toplamağa yardımçı olurlar, həmçinin işi sürətləndirmək üçün bölgələrə elmi ekspedisiyalar da təşkil edilir. Kaznakov 1910-cu ildə artıq Qafqazda yaşayan xalqların milli geyimləri atlasını hazırlamağı düşünür. Rusiya İmperatorunun tövsiyyəsi ilə 1912-ci ildə dönəmin ünlü və peşəkar Alman rəssamı və milli geyimlər üzrə mütəxəssisi Max Tilke (Maks Tilke) Qafqaz Muzeyinə dəvət olunur. Rəsmlər belə hazırlanır: ilk öncə model milli geyimdə foto ilə çəkilir, daha sonra milli geyim alınır və rəssam şəkili həm fotoya, həm də "canlı" milli geyimə baxaraq yenidən modeli milli geyimdə sulu boya ilə rəsm edir. Max Tilkenin rəsmləri yüksək dəqiqliyi və peşəkarlığı ilə seçilir. Birinci Dünya Savaşının başlaması nədəni ilə Max Tilke rəsmlərinin bir hissəsini də özü ilə Berlinə aparır. Tiflisdə muzeydə qalan bu dəyərli etnoqrafik materialların bir qismi 1936-cı ildə SSRİ-də açıqça kimi çap edilmişsə də, muzeydəki 83 rəsmin tam və mükəmməl nəşri ancaq 2007-ci ildə baş tutmuşdur. Aşağıdakı rəsmdə milli geyimdə Borçalının Kəpənəkçi kəndindən bir Türk xanımı təsvir edilmişdir. Burada diqqəti çəkən bu xanım geyiminin Türküstan xanımlarının, özəlliklə də Orta Asiya Türkmənlərinin və Qaraqalpaqların geyimlərinə çox bənzər olmasıdır. Bu baxımdan bu rəsm bizim üçün dəyərli və önəmlidir.

Hiç yorum yok:

Yorum Gönder