13 Eylül 2014 Cumartesi

Quzey Azərbaycanda Bayatlar (1727)

Quzey Azərbaycanda Bayatlar (1727)





Bayat, İran, İraq və Türkiyə coğrafiyalarına yayılmış, Çingiz Xan çağında Azərbaycana köç etmiş Oğuz boylarından biriydi. Bir bölümü də Anadolu və Suriyaya keçmişdi. Teymur, bir qisim Bayat oymaqlarını Şamdan qaldıraraq, öncə Diyarbəkirə, oradan da Azərbaycana gətirib yerləşdirdi. 16-cı yüzildə Ağqoyunlu siyasəti və ardından Səfəvi dövlətinin quruluşu üstünə quzey Suriyadan köç edən bəzi Bayat oymaqları da Azərbaycana köç etdilər. Səfəvi şahları da, onları Mazandaran, Tehran və Xorasana köç etdirib, buralarda məskun etdilər. Bayatlar Azərbaycanda Gəncə, Bərdə, Quba, Şamaxı, Qarabağ və Maku çevrəsində yaşayırdılar. Maku xanlarının bir qismi bu Bayatlardan idi. 1593-də Xaçın qəzasının Çelaberd nahiyəsində yaşayan bir bölük Şam Bayadı bulunmaqdaydı. 1727-də də Bərdənin bu boydan adını almış nahiyəsi və bir obası ilə Ağcabədi obasında oturaq həyat sürürdülər. Anadolu Bayatlarının iki önəmli təşəkkülü olan Reyhanlu və Quzugüdənlü oymaqları da Azərbaycanda yaşamaqdaydı.

Quzugüdənli Bayatı ― Anadolu Bayatlarının önəmli qollarından biriydi. 1727-də İrəvanın Gərni, Aralıq və Şörəyel nahiyələrində dağınıq olaraq Gürənli, Oruc, Quzugüdənlü, Qutlu, Aşayışarxı, Kədəlabad, Əydəlü, Kürəqanlu, Qozanlu, Nazırlu, Ağca, Sağır Korqışlağı və Çirəvir qışlaq və yaylaqlarında 141 ailə Quzugüdənli yaşayırdı.

Reyhanlu Bayatı ― Anadolu Bayatlarının önəmli qollarından biri olan bu təşəkkül, Ərdəbil, Maku və İrəvan bölgələrində yaşayırdı. 1727-də Ərdəbilin Gərmərud qəzası ilə Makuda eyni adlı obalarda və İrəvan vilayətinin Gərni, Iğdır və Aralıq nahiyələrində Canqada, Yəhərlü, Xoca Yaralu, Taşlı, Atluqışlağı və Əli Həmzəli kəndlərində Reyhanlu obaları yaşayırdı.

İranda Şah Təhmasib çağında 10 min alaçıqdan oluşan bir Bayat bölüyü yaşayırdı. 19-cu yüzilin başlarında Azərbaycanda 5 min nəfərlik Bayat bölüyü bulunurdu.



______________________________________________________
Ali Sinan Bilgili ― «Azerbaycan Türkmenleri Tarihi»


1723-1727-ci illər Səfəvi-Osmanlı savaşlarında Osmanlılar Səfəvilərin quzey və quzeybatıdakı bəylərbəyiliklərini tutmuşdular. Yeni fəth edilən ərazilərdə Osmanlı Dövləti təhrir dəftəri hazırlamış, yəni əhaliyə və mülkiyyətə dair qeydiyyat aparmışdır. Buradakı Bayat obalarının adları da həmin təhrir dəftərlərindən alınmışdır. Təhrir dəftərlərinin bütün Azərbaycan ərazisini əhatə etmədiyini və var olan təhrir dəftərlərinin də tam şəkildə bu yöndən araşdırılmadığını nəzərə almaq gərəkdir. Yəni, burada göstərilmiş Bayat obaları heç də bütün Bayatları əhatə etmir, yalnız bir qismini göstərir.

Hiç yorum yok:

Yorum Gönder